“Bidət” sözünün mənası yenilik, sonradan ortaya çıxma deməkdir. Dini anlamda ənənəvi dini dəyərlərə zidd olan bir əməli və ya düşüncəni dinə daxil etmək, dini mətnlərdə rast gəlinməyən bir məsələni dinə gətirmək mənasını verir. Məsumların kəlamlarında bidət kəskin şəkildə tənqid edilir və bidətçilər qınanılır. Dinə bidət gətirmək, bidəti yaymaq, müdafiə etmək böyük günahdır, hər kəs, xüsusilə alimlər bununla ciddi mübarizə aparmalıdırlar. Diqqət yetirilməli məsələ budur ki, hər bir yenilik bidət sayılmır. Bidət dini sferaya aid olan və dini dəyər kimi təqdim edilın məsələlərə şamil edilir. Əgər hər hansı yeni fikir və ya əməl dini mahiyyət daşımırsa, vacib, müstəhəb, haram və ya məkruh kimi təqdim edilmirsə, sadəcə məişət həyatına aid bir məsələ olub qalırsa, onu bidət anlayışına aid etmək olmaz. Haram olan bidət – dini don geyindirilən, Allaha, peyğəmbərə, məsumlara istinadən təqdim edilən inanc və əməldir.
