Axtar

Dini mətnlərdə tez-tez rast gəldiyimiz sileyi-rəhm nə deməkdir?

  • Paylaş:
Dini mətnlərdə tez-tez rast gəldiyimiz sileyi-rəhm nə deməkdir?

Sileyi-rəhm qohumlarla sıx əlaqə saxlamaq, onlarla mehriban davranmaq və mütəmadi olaraq görüşmək mənasını verir. Bu, dinimizdə ən çox təkid edilən əməllərdən biridir, onun əksi olan qəti-rəhim, yəni qohumlarla əlaqəni kəsmək isə şiddətlə məzəmmət olunur. Qurani-Kərimdə qohumlarla əlaqəni kəsənlər yer üzündə fitnə-fəsad törədənlərlə bərabər tutulur (Mühəmməd, 22). Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisi sileyi-rəhmin nə qədər mühüm olduğunu diqqətə çatdırır: “Qiyamət gününə kimi ümmətimdən şahid və qaib olanlara (yəni məni eşidən və eşitməyənlərə), hələ atasının belində və anasının bətnində olanlara vəsiyyət edirəm ki, hətta bir illik məsafədə olsa belə, qohumlarla rabitə saxlasınlar; çünki bu davranış dindəndir”. Sileyi-rəhmi mütləq təmtəraqlı şəkildə, hədiyyə aparmaqla həyata keçirmək vacib deyil. Hədislərdə buyurulur ki, bir qurtum su ilə də olsa, sileyi-rəhim edin. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, sileyi-rəhim və yaxşılıq etmək qiyaməydə hesabı yüngülləşdirər, insanı günahdan qoruyar. Gözəl şəkildə salam vermək və salamın cavabını almaqla olsa belə, qohumlarla əlaqə saxlayın və din qardaşlarınıza yaxşılıq edin”.