İslam dinində doğru danışmaq insanın ən mühüm əxlaqi xüsusiyyətlərindən hesab olunur. Şiə məktəbinin təlimlərinə əsasən, yalan danışmaq (kizb) haramdır və mömin insan həqiqəti söyləməyə, dürüst olmağa çalışmalıdır. Qurani-Kərimdə möminlərə doğru danışmaq əmr edilir: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın.” (Əhzab, 70).
Yalan yalnız bir insanı aldatmaq deyil, həm də cəmiyyətin etimadını sarsıdan mənəvi bir xəstəlikdir. İnsan yalan danışmaqla başqalarının haqqına girə, onların qərarlarını yanlış istiqamətə yönəldə və öz şəxsiyyətinə olan etimadı itirə bilər. İmam Əli (ə) doğru danışmağı imanın əsas xüsusiyyətlərindən biri hesab etmiş və yalanın insanı pis əməllərə apardığını bildirmişdir. İmam Sadiqdən (ə) nəql olunan hədislərdə də doğru danışmağın möminin mühüm xüsusiyyətlərindən olduğu vurğulanır.
Lakin İslamda bəzi xüsusi vəziyyətlərdə yalanın hökmü fərqli ola bilər. Şiə fiqhində zərurət hallarında, xüsusilə insanın canını, malını və ya namusunu ciddi təhlükədən qorumaq üçün müəyyən istisnalar nəzərdə tutulur. Məsələn, zalım bir şəxsin günahsız bir insanı öldürmək və ya ona ağır zərər vurmaq niyyətində olduğu halda, həmin insanın yerini gizlətmək üçün həqiqəti açıq şəkildə söyləməmək zərurət çərçivəsində qiymətləndirilə bilər. Bu, yalanın ümumi şəkildə halal olması demək deyil; söhbət yalnız xüsusi və ciddi zərurətdən gedir.
Şiə hədislərində insanlar arasında düşmənçiliyi aradan qaldırmaq və barış yaratmaq məqsədilə islah xarakterli sözlərə də xüsusi diqqət yetirilmişdir. Əgər iki insan arasında münaqişə varsa və onların barışması üçün müəyyən sözləri çatdırmamaq və ya vəziyyəti yumşaldacaq ifadələr işlətmək lazımdırsa, bu məsələ adi yalanla eyni hökmə malik deyil. Burada məqsəd aldatmaq deyil, insanlar arasında sülh yaratmaqdır.
Bundan əlavə, təqiyyə anlayışı da şiə təlimində mühüm yer tutur. Təqiyyə insanın imanını və ya canını ciddi təhlükədən qorumaq üçün əqidəsini gizlətməsi və ya zahirdə fərqli davranmasıdır. Lakin təqiyyə şəxsi mənfəət əldə etmək, başqasının haqqını yemək və ya adi hallarda yalan danışmaq üçün bəhanə hesab edilə bilməz.
Beləliklə, İslamın əsas prinsipi doğruluq və dürüstlükdür. Yalan, əsassız olaraq və şəxsi maraq üçün danışıldıqda haramdır. Yalnız şəriətin müəyyən etdiyi zərurət və xüsusi hallarda hökm dəyişə bilər. Mömin insan buna görə də gündəlik həyatında doğru danışmağa, verdiyi sözə əməl etməyə, insanların etimadını qorumağa və yalandan uzaq durmağa çalışmalıdır. Çünki doğru danışmaq yalnız dini bir vəzifə deyil, həm də sağlam ailə və cəmiyyət münasibətlərinin əsaslarından biridir.
Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev
