Axtar

Duadan əvvəl niyə salavat söyləmək təkid edilir?

  • Paylaş:
Duadan əvvəl niyə salavat söyləmək təkid edilir?

Duadan əvvəl və sonra Peyğəmbərə (s) və Əhli-beytinə (ə) salavat söyləmək bəyənilən əməllərdən sayılır. Özü də diqqət yetirmək lazımdır ki, Həzrət Mühəmməd Peyğəmbərə (s) salavat söyləyərkən mütləq Onun Əhli-beytini (ə) də bura aid etmək lazımdır. Çünki Peyğəmbər buyurub ki, Ona yarımçıq salavat göndərməyək. Yarımçıq salavatın səbəbini soruşanlara cavab vermişdi ki, yarımçıq salavat – Əhli-beyti yad etmədən yalnız Peyğəmbərin özünə salavat söyləməkdir. İmam Sadiq (ə) buyurub: “Hər kimin Allahdan istəyi olsa, duanı Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) salavatla başlasın, bununla da qurtarsın. Allah çox kəramətlidir, bir şeyin hər iki ucunu qəbul edərsə, ortasını da mütləq qəbul edər, geri qaytarmaz”. Hədisdə buna işarə edilir ki, Peyğəmbərə və nəslinə göndərilən bütün salavatları Allah qəbul edər və salavat deyən şəxsə savab yazar. Əgər duanın əvvəlində və axırında salavat söyləsək, Allah bunun xatirinə duanın özünü də müstəcab edər. İmam Sadiqə (ə) mənsub başqa bir hədisdə deyilir ki, Həzrət Mühəmmədə (s) və nəslinə salavat göndərməyincə duanın Allah dərgahına qalxmasının qarşısı alınar.