Əhli-sünnə alimlərinin bir çoxu İmam Əli ibn Əbu Talibin (ə) fəzilət və üstünlüklərini açıq şəkildə etiraf etmiş, bunu həm hədis kitablarında, həmdə elmi əsərlərində qeyd etmişlər. Aşağıda məşhur əhli-sünnə alimlərindən bəzilərinin sözlərini və mövqelərini qısa və etibarlı şəkildə təqdim edirik:
1- Hənbəli məzhəbinin banisi Əhməd İbni Hənbəl
Əhməd İbni Hənbəl deyir: “Səhabələr arasında heç kəs barəsində Əli ibn Əbu Talib qədər çox və mötəbər fəzilət hədisi nəql olunmamışdır.”
Mənbə: Fazailus-Səhabə.
Bu söz onu bildirir ki, İmam Əlinin (ə) fəzilətləri digər səhabələrdən daha çox sənədli şəkildə rəvayət edilib.
2- Böyük hədis alimi və “Mustədrək” kitabının müəllifi Hakim ən-Nişaburi
Hakim Nişaburi deyir: “Əli ibn Əbu Talib barəsində nazil olan ayə və hədislər o qədər çoxdur ki, ayrıca kitab yazıla bilər.”
Mənbə: Əl-Mustədrək.
3- “Sünən Nəsai” kitabının müəllifi İmam Nəsayi
Nəsayi imam Əlinin (ə) üstünlükləri haqda “Xəsais Əmirəl-Möminin Əli ibn Əbu Talib” adlı kitab yazmışdır. Kitabın adının tərcüməsi “ Möminlərin əmiri, Əbu Talib oğlu Əlinin xüsusiyyətləri”-dir.
Bu kitab yalnız İmam Əlinin (ə) fəzilətlərinə həsr olunmuşdur.
4- Əhli-sünnə alimi, “Nəhcül-Bəlağə” kitabının məşhur şərhçisi, İbn Əbil-Hədid Mötəzili
İbn Əbil-Hədid Mötəzili deyir: “Əli (ə) elmdə, şücaətdə, zöhd və ədalətdə insanlığın zirvəsidir. Onun fəzilətlərini inkar edən ya cahildir, ya da inadkardır.”
Mənbə: Şərhu Nəhcül-Bəlağə
5- Şafeyi məzhəbinin banisi İmam Şafeyi
Şafeyi imam Əlinin (ə) şənində yazdığı məşhur şerinin bir beytində belə deyir:
“Əgər Əlini sevmək rafizilikdirsə, qoy bütün insanlar və cinlər şahid olsun ki, mən rafiziyəm.”
Bu, onun Əhli-beytə (ə) və xüsusilə İmam Əliyə olan dərin sevgi və məhəbbətini göstərir.
6- Məşhur sünni tarixçisi və hədis tənqidçisi Zəhəbi
Zəhəbi deyir: “Əli ibn Əbu Talib elm, şücaət, təqva və ağıl baxımından kamil bir imam idi.”
Mənbə: Siyər Əlam ən-Nübəla
7- İbn Həcər Heytəmi
İbni Həcər imam Əli (ə) barədə belə deyir: “Əli (ə) haqqında nazil olan ayə və rəvayətlərin sayı, başqa heç bir səhabə ilə müqayisə olunmaz.”
Mənbə: Əs-Səvaiqul-Muhriqə
Nəticə:
Əhli-sünnə alimlərinin öz mənbələrinə əsasən:
İmam Əli (ə) elm, şücaət, təqva, ədalət və fəzilətdə misilsizdir;
Onun fəzilətləri Qurani-Kərim, mötəbər hədislər və tarixlə sübut edilir;
Peyğəmbərdən (s) sonra İmam Əlinin (ə) ən üstün şəxsiyyət olması yalnız şiə mənbələrində yox, əhli-sünnə məzhəbinin kitabları və alimləri tərəfindən də sübut edilir.
Hacı Elçin Əliyev
