Axtar

İslam Dinində İkili Standartın Təhlükəsi

  • Paylaş:
İslam Dinində İkili Standartın Təhlükəsi

İslam dini ədalət, dürüstlük və bərabər ölçü dini olaraq insanlara haqqı qorumağı əmr edir. Qurani- k ərimdə və hədislərdə insanların eyni məsələyə fərqli ölçülərlə yanaşması, yəni “ikili standart” tətbiq etməsi qınanmışdır. Təəssüf ki, bu problem həm fərdi həyatda, həm ailədə, həm də cəmiyyətdə tez-tez görünür.

İkili standart o deməkdir ki, insan özünə və ya yaxınlarına bir hökm tətbiq edir, başqasına isə fərqli hökm verir. Məsələn, öz səhvini kiçik görür, başqasının səhvini isə böyüdür. Özünə halal saydığı bir davranışı başqasına haram kimi təqdim edir. Bu isə ədalət prinsipinə ziddir.

Başqa sözlə desək, ikili standart eyni qaydaların, qanunların və ya əxlaqi prinsiplərin fərqli fərdlərə və ya qruplara ədalətsiz şəkildə tətbiq edildiyi bir vəziyyətdir. Bu, bir davranışın bir vəziyyətdə qəbul edildiyi, digərində isə qəbuledilməz hesab edildiyi ayrı-seçkilik davranışıdır. Və bu, münafiqlərin xüsusiyyətindən başqa bir şey deyil.

Allah-Taala  Quran da  buyurur: Ey iman gətirənlər! Ədaləti möhkəm tutan şahidlər olun və bir qövmə olan kin sizi ədalətsizliyə sövq etməsin.

Bu ayə göstərir ki, müsəlman hisslərinə, qəzəbinə və şəxsi maraqlarına görə ölçünü dəyişməməlidir. Haqq hər kəs üçün eyni olmalıdır.

Həzrət M ə hamm ə (s)  də ikili standartın cəmiyyətləri məhv etdiyini bildirmişdir. O həzrət (s)  hədis lərin birində buyurur: Sizdən əvvəlkilər ona görə həlak oldular ki, nüfuzlu biri oğurluq etdikdə onu cəzasız buraxır, zəif biri oğurluq etdikdə isə  cəzalandırırdılar.

Bu hədis İslamda qanun və ədalətin hər kəsə bərabər tətbiq olunmasının vacibliyini göstərir.

Müasir dövrdə ikili standart bir çox formada görünür. Bəzi insanlar başqalarının qeybət etməsini pisləyir, amma özləri qeybət edir. Başqasının övladının səhvini sərt tənqid edir, öz övladının səhvinə isə bəhanə tapır. Bəzən də insanlar dini hökmləri şəxsi maraqlarına uyğun tətbiq edirlər. Bu isə ixlası zəiflədir və cəmiyyətdə etimadı azaldır.

İslam dini müsəlmana dürüst olmağı öyrədir. Mömin insan özünü başqalarından üstün görməz, öz nəfsini də hesaba çəkər. 

Ümumiyyətlə, i kili standart İslam əxlaqına uyğun deyil. Müsəlman  və vicdanlı olan şəxs,  hər zaman haqqı və ədaləti qorumağa çalışmalı, özünə istədiyini başqasına da istəməli , düşməni üçün bəyənmədiyi işi, dostu üçün də bəyənməməlidir. Çünki həqiqi təqva insanın yalnız danışığında deyil, davranışında və ədalətli olmasında görünür.

Necə ki, Allaha-Taala buyurur: Ey iman gətirənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin, sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Maidə, 8).

 

Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev