Quba (Qüba) Yəsrib (Mədinə) şəhərinin 10 km. cənubunda yerləşən kəndin adıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) hicrət zamanı əvvəlcə Quba kəndində qalmış, sonra buradan Yəsribə yola düşmüşdür. Peyğəmbərin Qubada 14 gün qaldığı rəvayət edilir. Peyğəmbərdən qabaq Məkkəni tərk etmiş mühacirlər də o həzrəti burada gözləyirdilər. Həmin günlərdə Peyğəmbərin tövsiyəsi ilə Quba sakinlərindən birinin xürma bağında ilk məscidin bünövrəsi qoyuldu. Quba məscidi tərəfləri təqribən 32 metr uzunluğunda dördbucaqlı quruluşa malik idi. Qurani-Kərimdə Qüba məscidi “ilk gündən binası təqva üzərində qurulmuş məscid” kimi təsvir edilir (Tövbə, 108). Həzrət Mühəmməd Peyğəmbər (s) Yəsribə daxil olub orada məskunlaşdıqdan sonra da vaxtaşırı Qubaya gəlir, burada camaatla namaz qılırdı. Mədinə böyüyüb genişləndikcə Quba kəndi ilə aralarındakı məsafə qısaldı, bir müddətdən sonra Quba Mədinənin bir məhəlləsinə çevrildi. Hazırda Quba məscidi dörd minarəli, bir neçə günbəzli quruluşa malikdir, burada namaz qılmağın çoxlu savabı var.
İslamın ilk dövrlərinə aid mənbələrdə xatırlanan Quba məscidi harada yerləşir?
