Talut Bəni-İsrail qövmünün hökmdarlarından biridir. Həzrət Davud Peyğəmbərin (ə) müasiri və qaynatası olmuşdur. Bibliyada adı “Saul” şəklində verilib. Qurani-Kərimdə 2 dəfə adı çəkilir. Xarici görünüş baxımından iri cüssəli, qüvvətli və yaraşıqlı idi. Bundan əlavə, həm imanda, həm bacarıqda, həm də igidlikdə ətrafdakılardan seçilirdi. Bəni-İsrail qövmü düşmən hücumuna məruz qalanda Allahın əmri ilə Talut onlara hökmdar təyin edildi. Talut qoşun yığıb döyüşə yollandı. Yolda ikən Allah tərəfindən əmr alaraq öz əsgərlərinin sədaqətini və igidliyini sınağa çəkdi, onların arasından ən layiqlilərini seçdi (bax: Bəqərə, 249). Sayının azlığına baxmayaraq, Bəni-İsrail qoşunu qalib gəldi. Bu arada azyaşlı Davud (ə) düşmən tərəfdəki nəhəng pəhləvan Calutu öldürdü. Həzrət Davud (ə) böyüyüb Talutun qızı ilə evləndi və Talut vəfat etdikdən sonra onun yerinə keçib Bəni-İsrail qövmünün hökmdarı oldu. Bibliyada Talutun şəxsiyyəti ilə bağlı verilən bəzi məlumatlar (Davudla (ə) düşmənçilik etməsi, hətta onu öldürmək istəməsi) İslam mənbələrində öz təsdiqini tapmayıb. İslam mənbələrində Talut ədalətli, mömin bir hökmdar kimi tanınır. Hətta bəzi müsəlman alimləri Talutun peyğəmbər olduğunu bildirmişlər.
Talut kimdir?
