Əhli-beyt (ə) məzhəbinə görə valideynin övlad qarşısında vəzifələri çox əhəmiyyətli və məsuliyyətlidir. Bu mövzuya həm Quranda, həmdə Peyğəmbər (s) və Əhli-beyt imamlarının (ə) buyuruşlarında rast gəlmək olar. Aşağıda valideynin övladları qarşısında olan bəzi önəmli vəzifələrini gətirəcəyik.
1. Doğru həyat yoldaşı seçmək
Əhli-beytə (ə) görə övladın tərbiyəsi hələ evlilikdən əvvəl başlayır.
Bu barədə İmam Sadiq (ə) buyurur: Övladın valideyn üzərindəki ilk haqqı, onun üçün yaxşı ana seçməkdir.
Yəni imanlı, əxlaqlı və sağlam həyat yoldaşı seçmək valideynin gələcəkdəki övladları qarşısında ilk və ən önəmli borcudur.
2. Halal ruzi ilə təmin etmək
Övladın bədəni və ruhu valideynin qazancından qidalanır. Ruh və bədən halal ilə qidalanarsa, təbi ki, bu qidalanma ona bir başa təsir edib, onun cismi və ruhi inkişafına səbəb olacaq. Yox əgər valideyn övladını haram tikə ilə qidalandırarsa, bunun mənfi təsiri gec ya tez övladında mütləq müşahidə ediləcək.
Ona görə də halal ruzi:
Övladın imanına, əxlaqına və gələcək həyatına birbaşa təsir edir.
İmam Əli (ə) buyurur ki, haram tikə ilə böyüyən övladın tərbiyəsi çətinləşər.
3. Gözəl ad qoymaq
Əhli-beyt (ə) məzhəbinin inancına görə ad insanın şəxsiyyətinə təsir edən amil sayılır.
Peyğəmbər (s) bu barədə buyurur: Övladlarınıza gözəl adlar qoyun.
Valideynin borcudur ki, övladına mənası yaxşı və dinə uyğun olan ad seçsin.
4. Dini və əxlaqi tərbiyə vermək
Yuxarıda qeyd olunanlardan əlavə, valideyn həmdə gərək övladını din ilə də tanış edib, onu bu sahədə maarifləndirsin. Bu ən əsas vəzifələrdəndir. Ona görə də valideyn gərək övladını Tövhidi tanıtmaq, Allah sevgisini aşılamaq, Namaz, Dua, Əxlaq öyrətmək və Halal-haram anlayışını formalaşdırmaq yolunda da zəhmət çəksin.
İmam Sadiq (ə) buyurur:Yeddi yaşına qədər övladla oynayın, yeddi yaşından tərbiyə edin, yeddi yaşından isə dost olun.
5. Sevgi və mərhəmət göstərmək
Əhli-beyt (ə) məktəbində sevgi tərbiyənin əsas üsuludur. Tarixi mütaliə etsək, görərik ki, Peyğəmbər (s) uşaqlarla mehriban davranar, onları qucaqlayar, öpərdi və buyurardı:Uşaqlara mərhəmət etməyən bizdən deyil.
Peyğəmbərin (s) bu cümləsindən məlum olur ki, uşaqlara qarşı sevgi göstərib, mərhəmətli davranmaq, onların düzgün tərbiyə olunmasında böyük təsir göstərir.
6. Ədalətli davranmaq
Valideyn heç vaxt övladlar arasında ayrı-seçkilik etməməli, sevgidə, diqqətdə və hədiyyələrdə ədalətli olmalıdır. Bu, qardaş-bacı arasında kin və paxıllığın qarşısını alır.
7. Yaxşı nümunə olmaq
Valideynin əməlləri sözlərindən daha təsirlidir.
Əgər valideynin özü gözəl əxlaqlı deyil və ya namaz qılmırsa, övladından gözəl əxlaqlı olmağı və ya namaz qılmasını gözləməsi məntiqsiz və mənasız olar.
Ona görədə imam Əli (ə) buyurur: Kim özünü insanlara rəhbər və nümunə qərar verirsə, başqalarını tərbiyə etməzdən əvvəl özünü tərbiyə etməlidir.
8. Təhsil və həyat bacarıqları qazandırmaq
Valideynin borcudur ki, övladı savadlı etsin, ona düşünməyi, düzgün seçim etməyi öyrətsin və onu cəmiyyətə faydalı fərd kimi yetişdirsin.
