Dini termin olaraq, Fisq – böyük günah sayılan əməlləri yerinə yetirmək və ya kiçik günahları ardıcıl təkrar etmək mənasını verir. Bu zaman insan Allaha itaətdən çıxmış olur. Fisq anlayışı çox genişdir, günahın bütün növlərini və dərəcələrini, hətta küfrü də əhatə edir. Məşhur Quran təfsirçisi Qazi Beyzavi qeyd edir ki, fisqin üç mərhələsi var. Birinci mərhələdə insan günahın pis olduğunu anladığı halda onu edir. İkinci mərhələdə insan yenə günahın pis olduğunu anlayaraq onu ardıcıl təkrarlayır. Üçüncü mərhələdə isə, insan artıq günahın pisliyini inkar edir, onu yaxşı bir əməl sayır və heç bir peşmançılıq çəkmədən günah işləri davam etdirir. Üçüncü mərhələdə insan imandan çıxır və küfr mərhələsinə qədəm qoyur. Lakin ilk iki mərhələdə olan şəxs İslam alimlərinin əksəriyyətinin fikrincə kafir sayıla bilməz. Quranda bəzi əməllər fisq olaraq xarakterizə edilib. Məsələn, Allahı unutmaq (Həşr, 19), Allahın ayətlərini inkar etmək (Bəqərə, 99), Allahın adı ilə kəsilməmiş (haram) əti yetmək (Ənam, 121), ticarət əməliyyatlarını qeydə alan katiblərə və şahidlərə zərər yetirmək (Bəqərə, 282), zülm etmək və Allahın buyurduqlarını dəyişdirmək (Bəqərə, 59), yalan danışmaq (Hücərat, 6), ismətli qadınları yalandan zinakarlıqda ittiham etmək (Nur, 4).
islam.az
