Ərəb dilçilərinin fikrincə, “şükür” sözü müəyyən yaxşılıq və mənfəət müqabilində edilən minnətdarlığı bildirir. Yəni kimsə insana yaxşılıq edib fayda verməlidir ki, insan ona şükür etsin. Deməli, şükür razılıq cavabıdır, müsbət reaksiyadır (dilimizdəki “təşəkkür” sözü də bu mənanı bildirir). “Həmd” kəlməsi bundan daha uca bir məfhumdur. Şükürdən fərqli olaraq, bir kəsin başqasına həmd etməsi üçün ondan şəxsi mənfəət əldə etməsi şərt deyil. Həmd təmənnasız tərifdir, vicdanın təhriki ilə və agahlıq əsasında yerinə yetirilir. İnsan heç üzünü görmədiyi, görsə də, şəxsi mənfəət almadığı bir şəxsin yaxşı əməllərini eşidib ona tərif deyirsə, onu həmd etmiş sayılır. Hər bir şükür həmddir, amma hər bir həmd şükür deyil. Çünki yuxarıda dediyimiz kimi, şükür yalnız təmənnalı, həmd isə həm təmənnalı, həm də təmənnasız razılıqdır. Ən kamil və sonsuz həmd Allah-Taalaya məxsusdur, çünki Onun kamilliyi Ona ən yüksək şəkildə həmd etməyi tələb edir.
Həmd və şükürün fərqi varmı?
