Axtar

İslama görə dünyada uğur qazanmağın yolları

  • Paylaş:
İslama görə dünyada uğur qazanmağın yolları

İslam dininə görə dünyada uğur qazanmaq, həm mənəvi, həmdə maddi tərəfdən balanslı bir həyat sürməkdən ibarətdir. İslamda uğur, yalnız zənginlik və maddi imkanlarla deyil, həmdə Allahın razılığına, insanlara xidmət etməyə, ədalət və düzgünlüyə əsaslanır. Aşağıda İslamın dünyada uğur qazanmağın yolları ilə bağlı buyurduğu bəzi əsas prinsiplərini qeyd edəcəyik.

1- İman və təqva


İslamda ən böyük uğur Allahın razılığını qazanmaqdır. İmanlı olmaq və Allahın göstərişlərinə əməl etmək, dünya və axirətdə uğura aparan yoldur. Quran və hədislərə əsasən, Allahın razılığını qazanmaq üçün təqva (Allahdan qorxma) ən əsas amildir.

Bu barədə Allah Quranda belə buyurur: Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. (Təlaq, 2-3).

2- İşlərdə zəhmət çəkib, dürüst olmaq


İslamda insanlara zəhmətkeş olub, əziyyətlə işləmək tövsiyə edilir. Lakin bu, yalnız maddi maraq üçün deyil, həmdə Allahın razılığını qazanmaq məqsədi ilə olmalıdır. İslamda hədər iş görmək və fırıldaqçılıq qadağandır.

Peyğəmbərə (s) nisbət verilən hədislərin birində, o həzrət belə buyurur: Ən yaxşı qazanc, insanın əlindən gələn zəhmətidir.

3- Ədalət və insaf


Dünyada uğur qazanmaq üçün ədalət və insaf əsas prinsiplərdəndir. İslamda bir insana qarşı haqsızlıq etməmək və hər bir insana ədalətlə yanaşmaq vacibdir.

Allah-tala quranda buyurur: Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir. (Nəhl, 90).

4- İnsanlara kömək etmək və xeyir işlərdə iştirak etmək


İslamda xeyirxah olmaq və başqalarına kömək etmək böyük bir savab sayılır. Dünyada uğur qazanmaq istəyən bir insan, ehtiyacı olanlara yardım etməli və cəmiyyətin rifahı üçün çalışmalıdır.

Allah-tala buyurur: Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. (Ənam, 160).

5- Məqsədə uyğun düzgün niyyətlər


Hər bir işə başlamazdan əvvəl, niyyətin yalnız Allahın razılığını qazanmaq üçün olması, uğurun əsas açarlarından sayılır. İslamda niyyətin düzgün olması, əməl və nəticəyə təsir edir.

Ona görədə islamda hər bir iş üçün səmimi olub, niyyəti düz tutmaq, olduqca önəmlidir.

Bu barədə Peyğəmbər (s) buyurur: Həqiqətən İşlər niyyətlərə görə qiymətləndirilir.

6- Təvəkkül və Səbr 


İslam dini bizə tövsiyə edir ki, işlərimizdə səbirli olub, zəhmət çəkmək lazımdır. Amma etdiyimiz işlərin nəticəsini Allahdan gözləməliyik. Yəni başa düşməliyik ki, hər şeyin nəticəsi Allahın iradəsindən asılıdır. Çünki təvəkül (Allahın iradəsinə tam təslim olmaq) və səbr (çətinliklər qarşısında dözümlü olmaq) böyük əhəmiyyət kəsb edir.

Bu barədə Allah-tala buyurur: Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər! ( Ali-İmran, 122).

Yenə Allah buyurur: Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir. ( Zümər, 10).

7- İxlas 

İxlas, işləri sırf Allaha xatir və onun razılığını qazanmaq niyyəti ilə yerinə yetirməyə deyilir.


İslamda hər bir işin yalnız Allahın razılığını qazanmaq üçün yerinə yetirilməsi vurğulanır. İnsan yalnız göstərdiyi zəhmət və əməli ilə deyil, həmdə niyyətinin təmizliyi ilə dəyərləndirilir. İşlərdə səmimiyyət insanın həyatında uğur əldə etməyə kömək edir.

De: “Mən dinimi yalnız Allaha məxsus edərək Ona ibadət edirəm.. (Zümər, 14).

İslamda uğur, həm Allahın, həmdə insanların gözündə yaxşı olmaqla yanaşı, insanın mənəvi inkişafını, əxlaqını və başqalarına qarşı olan münasibətinidə nəzərdə tutur. Beləliklə, dünyada uğur qazanmaq, Allahın razılığını qazanmaq və insanlara faydalı olmaqla mümkün olur.

Hacı Elçin Əliyev