Bu söz ərəb dilində “müqəddəs hədis” deməkdir. Mənası Allah-taalaya, amma forması (söz quruluşu) Həzrət Mühəmməd Peyğəmbərə (s) aid olan kəlamlara hədisi-qüdsi deyilir. Başqa sözlə, hədisi-qüdsi elə kəlamdır ki, bunu Allah Peyğəmbərə məna şəklində vəhy edib, amma Peyğəmbər onu söz qəlibinə salaraq insanlara çatdırıb. Quran ayələri ilə hədisi-qüdsi arasında 6 əsas fərqin olduğunu qeyd edirlər: Quran leksik baxımdan bənzərsiz və təkrarsızdır, yəni ecazı (möcüzəvilik xüsusiyyəti) vardır, hədisi-qüdsidə bu xüsusiyyət yoxdur. Namazda yalnız Quranın ayələri oxunmalıdır, hədisi-qüdsini namazda oxumaq olmaz. Quranı inkar edən kafirdir, hədisi-qüdsini inkar edən isə kafir sayılmaz. Quran vəhy mələyi Cəbrailin vasitəsilə nazil olub, hədisi-qüdsıdə bu xüsusiyyətin olması zəruri deyil. Quran məhz olduğu kimi Peyğəmbərə endirilib, hədisi-qüdsinin sözləri isə adətən, Peyğəmbərə məxsus olur. Quranın yazısına dəstəmazsız və ya qüslsüz toxunmaq olmaz, hədisi-qüdsiyə isə olar. XVII əsrdə yaşamış məşhur alim Hürr Amilinin “Əl-Cəvahirüs-səniyyə fil-əhadisil-qüdsiyyə” kitabında 656 hədisi-qüdsi toplanıb.
Hədisi-qüdsi nədir?
